Ana və poçtalyon | O, deputat da olub, amma yenə məktub paylayır – MÜSAHİBƏ (VİDEO)

Ana və poçtalyon | O, deputat da olub, amma yenə məktub paylayır – MÜSAHİBƏ (VİDEO)
  01 İyun 2017    Oxunub:31784
Bu gün Azərbaycanda poçt sisteminin yaradılmasının 199-cü ildönümüdür.
Azərbaycanda poçt rabitəsi hələ Səfəvilərin hakimiyyəti dövründə inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cu əsrin əvvəllərində baş verib. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb.

AzVision.az bu münasibətlə Azərbaycanın qabaqcıl poçt işçisi, ömrünün 64 ilini bu sahəyə həsr edən, “Azərpoçt”un 2 saylı filialının 9 saylı poçt şöbəsində çalışan, Sosialist Əməyi Qəhrəmanı İsababayeva Həcər Muştaq qızı ilə həmsöhbət olub.

Həcər İsababayeva 1938-ci ildə Bakıda anadan olub. Ailəsi əslən Qubanın Alpan kəndindən olsa da, paytaxtda, Abdulla Şaiq küçəsi, 99 ünvanında yaşayıblar. Ailədə 4 uşaq olublar – iki qardaş və iki bacı. Atası müharibəyə getdiyi üçün ailədə dolanışıq çətin idi. Tale elə gətirib ki, Həcər xanım 3 uşağa – bacı və iki qardaşa baxmalı olur.

Həcər xanımın uşaqlıq illəri müharibə dövrünə təsadüf elədiyi üçün, düzgün təhsil ala bilməyib,15 yaşında “Azərpoçt”un 2 saylı filialının 9 saylı poçt şöbəsində poçtalyon çalışmağa başlayıb və ömrünün 63 ilini bu işə həsr edib. Xalq arasında "Həcər xala" adı ilə sevilib.



Həcər İsababayeva ötən əsrin 50-ci illərindən bu günə kimi qabaqcıl poçtalyon kimi böyük şöhrət qazanıb. 1972-ci ildə ona əmək nailiyyətlərinə görə "Lenin" ordeni və 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilib. 15 il Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Bir sıra ölkələrdə - Almaniya, Türkiyə, İsveçrə, İtaliya, Fransada Azərbaycanı təmsil edib. Bu ölkələrdə keçirilən tədbirlərdə çıxış edib. Bəstəkar Eldar Mansurov Həcər xanımın poçtalyon fəaliyyətinə "Xoş müjdəli Həcərim" mahnısı həsr edib. Həcər xanımın bir övladı – Namus Şahbalayev 1993-cü ildə Qarabağ müharibəsində şəhid olub.




- 64 il rabitə sahəsində çalışmışam. Heç vaxt “Azərpoçt”un rəhbərliyindən inciməmişəm, həmişə məni yada salırlar. Bütün rabitə işçilərini bayram münasibətilə təbrik edirəm. O gün olsun, 2000 illiklərini də qeyd etsinlər.

15 yaşımda rabitə sahəsinə gəlmişəm. Poçtalyon işləmişəm. Ata-anam xəstə idi, ailədə 4 uşaq idik – iki qardaş və iki bacı. Dolanışığımız çətin idi. Həyat elə gətirdi ki, 3 uşağa – bacıma və iki qardaşıma baxmalı oldum. Ailəmizin maddi vəziyyəti çox ağır idi. Atam müharibədən yenicə qayıtmışdı, bizə yaxşı baxa bilmirdi. 1953-cü ildən poçtalyon işləməyə başladım. Onda hətta pasportum da yox idi, başqa adamın yerinə düzəlmişdim.

- 15 yaşlı qız uşağı işdə hansı çətinliklərlə qarşılaşırdı?

- Səhər altı tamamda işimiz başlayırdı. O vaxt biz gündəlik 500-600 qəzet paylayırdıq. Həmin vaxtın pulu ilə 31 rubl alırdım – 3 dənə “Leninin başı”, bir dənə də Kreml manatlığı alırdım. Birinci maaaşımı aldım və evə verdim. Kasıblıq üzündən yeniyetmə yaşlarımda poçta gəldim. Başımı bağlamışdım ki, heç kim uşaq olduğumu bilməsin. Onda uzun, gözəl saçlarım vardı. Saçlarımı yığır, başıma yaylıq örtürdüm. Poçtalyon işləyə-işləyə bacı-qardaşlarımı böyütdüm.



- Bütün həyatınız boyunca aldığınız ən təsirli məktub hansı olub?

- Atam 1939-cü ildə müharibəyə gedib. O, Fin müharibəsində iştirak edib. Mən heç ata üzü görməmişəm. Onu ölmüş bilirdim. Amma bir gün atamdan məktub gəldi - üçkünc məktub idi. O kağızı bağrıma basıb, ağlaya-ağlaya “ata-ata” deyirdim. Elə bilirdik ki, atam müharibədə ölüb.1946-cı ildə atam sağ-salamat qayıtdı. Amma çox yaşamadı, cəmi 57 yaşında dünyadan köçdü. Qardaşlarım da, oğlum da cavan yaşda öldülər.

O qədər əziyyətlər çəkmişəm ki. Mən çörəksiz, paltarsız böyümüşəm. Anam tranvayda “konduktor” işləyirdi. Mən isə anamın yanında başımı dəmir yolu relslərinin üzərinə qoyub yatırdım. İndiki günlərimə çox şükür edirəm. O vaxt gündə 200 qram çörək alırdıq. Bir dəfə talonları da itirdim. Bir ay ana-bala çörək tapmadıq.

O vaxt insanlar çoxlu məktublar yazardılar. İndi məktub yazan adamların çoxu dünyasını dəyişib. Hazırda ən çox yol polisi və cərimə məktubları göndərilir. Bir də məhkəmə məktubları. Bəzən həmin cərimə məktubunu açıb, mənə deyirlər ki, bu nədir gtirmisən? Cavab verirdim ki, “sən qaydanı pozmusan, mən pozmamışam ki! Ona görə də cərimlənmisən...”



- Başınıza gələn maraqlı bir hadisəni danışardınız…

- 1977-ci ildə mən analıq məzuniyyətinə çıxmışdım. Övladım çox körpə idi, ona süd verirdim. Gördüm ki, “Beş mərtəbə”nin yanındakı “kruq”da camaat bir yerə toplaşıb. Bir kişi əllərini birləşdib, Quran oxuyurdu. Yaxınlaıb soruşdum ki, kim ölüb? Dedilər ki, bir oğlan ölüb. Baxanda gördüm ki, bu, mənim köhnə qonşum Naildir. Sərxoş idi. Ayağımla vurdub dedim ki, Nail, dur ayağa, özünü biabır eləmə. İçmisən, camaat da elə bilir ki, sən ölmüsən. Qolundan tutub, yerdən qaldırdım. Camaat gülməyə başladı. Dedilər ki, “Ay Həcər xala, yaxşı ki, gəlib çıxdın”.

Bir nəfər vardı, əsgərlikdən mənə məktub göndərirdi. Deyəsən, məni sevirdi. Hər gün ondan 5-6 sevgi məktubu gəlirdi. Türkan qəsəbəsindən idi. Bütün küçə boyu məktub paylayan zaman arxamca gəlirmiş…



- Necə ailə həyatı qurdunuz?

- Həyat yoldaşımla da küçələrdə məktub paylayan zaman tanış olduq və ailə həyatı qurduq. İndi həyat yoldaşım dünyadan köçüb. Mən həyatda hər şeyi özüm etmişəm. Kişi çörəyi yeməmişəm. Zəhmətlə, əziyyətlə çalışmışam.

Oğlum da mənim kimi poçtalyon işləyirdi. Ana-bala işləyirdik. Xabarovskda hərbi xidmətdə olmuşdu. Yaxşı oğul idi. Ölməli deyildi. Füzulu rayonun Seyid Əhmədli kəndində gedən döyüşlər zaman şəhid oldu. Bu yaxınlarda nəvəmi də itirdim… 27 yaşı vardı.



- Orden almağınızı necə xatırlayırsınız?

- 1972-ci ildə məni Mərkəzi Komitəyə çağırdılar. Komitənin rəsmi şəxslərindən olan Danil Quliyev məni qəbul etdi. Uzun saçlarımı yığıb, onun kabinetində əyləşmişdim. Mənə dedi ki, Həcər xanım qış vaxtı məktubları nə edirsən? Dedim, necə yəni? Qapıdan, deşikdən, yeşikdən içəri atıram. Kişi gülməyə başladı.Sonra isə “Qızım, snə gözəl saçların var!”,- deyə təəccübləndi və əlavə etdi: “Sən avtobusda gedəndə saçlarını yığ”. Cavab verdim ki, əmi, mən məktubları paylayanda, sahəni gəzəndə həmişə saçlarımı yığıb, başımı yaylıqla bağlayıram. Otaqdan çıxanda yaxınlıqdakı kişi yaxınlaşıb dedi ki, niyə ona Əmi dediniz? Cavab verdim ki, ay qardaş, otağa daxil olmamışdan öncə mənə deyərdin ki, o kişi Danil Quliyevdir. Mən hardan bilim ki, o, kimdir?



Heydər Əliyevlə də görüşmüşəm. Baybakov Bakıya gəlmişdi. Sarayda iclas keçirilirdi. Birdən mənə dedilər ki, Həcər xanım, Heydər Əliyev sizi çağırır. Gedib salamlaşdım. Baybakov da orada idi. Həmin vaxt ana olmağa hazırlaşırdım. Çox utanırdım, çantamı qabaqda tutmuşdum ki, boylu olduğum görünməsin. Heydər Əliyev bunu hiss etdi, mənə dedi ki, “Qızım, narahat olma, burada utanmalı bir şey yoxdur”. Dedim, “Mən elə qadınlardan deyiləm ki, gəlib qarnımı qabağa verim”. Heydər Əliyev mənə yaxınlaşıb, əlini çiynimə toxunduraraq, dedi ki, “halal olsun sizin kimi qadına!”

Heydər Əliyev mənə 4 otaqlı mənzi vermişdi. Allah rəhmət eləsin, çox yaxşı kişi idi. Ulduzu da sinəmə o taxdı. Hər dəfə çörək yeyəndə ona rəhmət oxuyuram.



- Yeni rabitə nazirindən razısınızmı?

- Ramini çox istəyirəm. Onun fəaliyyətindən razıyam. Gözəl işləyir. O, mənim oğlum yaşındadır. Çox mədəni, savadlı gəncdir. Bir dəfə onunla görüşmüşəm. Öpüb, bağrıma basmışam. Deyi ki, “ Həcər xanım, həmişə sizin haqqınızda eşitmişdim, amma özünüzü görməmişdim. Nə yaxşı ki, sizinlə görüşdük...”

Rabitə Nazirliyi mənim üçün restoranda ad günü təşkil etmişdi. Bütün bayramlarda mükafatlar verirlər. Mən heç vaxt onların yaxşılıqlarını itirə bilmərəm. Bütün rabitə işçilərini bayram münasibətilə təbrik edirəm. Gələn il sağ qalsam özümün də 80 illik yubileyim olacaq.



- İndiki gənclərə nə məsləhət verərdiniz?

- Gənclər rabitə işini yaxşı bilmirlər. Mən onları öyrədirəm. Mənə deyirlər ki, “Həcər xala, sən uzun illərdir, poçtda işləmisən, yorulmamısan?” Cavab verirəm ki, yox. İndi cavanlar işləmirlər. Guya iş ağırdır, gəzə bilmirlər. Necə yəni? 64 il poçtalyonluq etmişəm, Bəyəm mənim üçün ağır olmayıb? Gənclərimiz çoxlu kitab oxusunlar. Mən həmişə atılan kitabları evə gətirib, oxuyurdum.















Jurnalist: Hafiz Əhmədov
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Poçtalyon  





Xəbər lenti